NUR TƏFSİRİ: Əl-Həcc surəsi / ayə 17
"Həqiqətən, Allah Qiyamətdə möminlər (müsəlmanlar), yəhudilər, sabiilər, nəsranilər və müşriklər arasında mühakimə aparıb, haqqı batildən ayıracaq. Həqiqətən, Allah hər şeyə şahiddir.”
Nöqtələr
Sabiilərin kimliyi barədə müxtəlif fikirlər var. Onları kimi ulduzpərəst, kimi məlaikəpərəst sayır. Bəziləri də Nuh ardıcıllarının "sabii” adlandırıldığını qeyd edir.
Bir şəxs Həzrət Əlidən (ə) soruşdu: "Nə üçün məcusilərdən "cizyə” (vergi növü) alırsınız? Axı onların nə peyğəmbəri, nə də kitabları var. Məgər cizyə kitab əhlinə aid deyilmi?” Həzrət buyurdu: "Məcusilərin həm səmavi kitabı, həm də ilahi peyğəmbəri var.”
Ayədə müxtəlif dəstələr arasında "Əlləzinə” ("o kəslər ki”,) sözü ilə fasilə yaradılmışdır. Qiyamətdə də həqiqi möminlərin, digər səmavi din ardıcıllarının və müşriklərin hesabı ayrıdır. "Əlləzinə” sözü üç dəfə işlədilmişdir: birinci dəfə möminlərə, ikinci dəfə digər səmavi din ardıcıllarına, üçüncü dəfə müşriklərə münasibətdə.
Bildirişlər
1. Müxtəlif qrupların adı çəkilərkən həqiqi möminlərin öncə zikr olunmaq haqqı var.
2. Müşrikliklə müqayisədə yəhudiliyin, məsihiliyin, məcusiliyin, sabiiliyin ayrıca qeyd olunması onların təkallahçı və səmavi din olduğunu göstərir.
3. Qiyamət hamı üçündür. Həmin gün bütün qruplar arasında mühakimə aparılar və bütün qarşıdurmalara son qoyular.
4. Qiyamət günü Allah həm hakimdir, həm də şahid.
5. Hakim hərtərəfli məlumata malik olduqda mühakimə kamil sayıla bilər.
6. İslama dəvət və müsbət mücadilə zəruridir. Amma bu işləri görərkən dinlərarası ixtilafların tamamilə aradan qalxacağını gözləmək olmaz. Dünyada sülh, əmin-amanlıq içində yaşayıb, Qiyamət mühakiməsini gözləməliyik. Hansı dinin haqlı olduğunu Allah Özü müəyyənləşdirəsidir.