NUR TƏFSİRİ: Əl-Həcc surəsi / ayə 29
"(Allah evinin ziyarətçiləri qurban günü qurbanlıq edib) sonra öz bulaşıqlıqlarını təmizləsinlər, nəzirlərinə vəfa qılsınlar, qədim və azad evi (Kəbəni) təvaf etsinlər.”
Nöqtələr
"Təfəs” sözü çirk, tük, dırnaq, bığ mənalarını bildirir. "Summəl-yəqzu təfəsəhum”, yəni dırnaq və tükdən kəsməklə ehram halından çıxın, sonra Həcc əməllərinin davamı üçün Kəbə evini təvaf edin.
Qurban bayramı günü Mina torpağında Allah evinin ziyarətçiləri üçün üç əməl vacibdir:
1. Şeytana yeddi daş vurmaq;
2. Ötən ayədə haqqında danışılan qurbanlıq;
3. Hazırkı ayədə qeyd olunduğu kimi başı qırxmaq, saç və ya dırnaqdan qısaltmaq.
İmam Baqir (ə) buyurur: "Kəbənin nə sakini, nə də sahibi var. Bu ev azad bir evdir.”
Bildirişlər
1. Təmizlik namaz kimi bəzi ibadətlərdə giriş şərti, Həcc kimi bəzi ibadətlərdə əsas şərt, Quran qiraəti kimi ibadətlərdə isə kamillik şərti sayılır.
2. Təmizliyin qorunması sadəcə bir tövsiyə yox, ciddi tapşırıqdır.
3. Bulaşıqlığı yaradan insan özüdür. Mənafelər isə insan üçün müəyyənləşdirilmiş ilahi mərhəmətlidir.
4. Müqəddəs və azad bir ev ətrafında təvaf üçün bulaşıqlıqlardan və öhdəçiliklərdən azad olmaq lazımdır.
5. Nəzri yerinə yetirmək vacibdir.
6. Qədimlik bir dəyər sayıla bilər. ("Ətiq” dedikdə qədimlik, "ətiqə” dedikdə isə qədim əşya nəzərdə tutulur.)
7. Allahın evi kimsənin mülkü deyil.