NUR TƏFSİRİ: Əl-Həcc surəsi / ayə 34
"(Qurbanlıq vəzifəsi təkcə sizin ümmətə aid deyil,) Biz hər bir ümmət üçün bir ayin müəyyənləşdirdik. Qurbanlıq zamanı onlara ruzi edilmiş heyvan üzərində Allahın adını çəksinlər. Sizin Allahınız yeganə məbuddur. Yalnız Ona təslim olun. Xalis bəndələrə müjdə ver.”
Nöqtələr
"Xəbt” sözündən olan "müxbitin” sözü çala-çökəksiz, geniş və hamar yer mənasını bildirir. İstənilən bir şirkdən uzaq, aram və arxayın insan "muxbit” adlanır.
"Mənsək” sözü məsdər, zaman və ya məkan ismi ola bilər. Uyğun yanaşmaya əsasən, ayə belə mənalandırıla bilər: "Biz hər bir ümmət üçün ibadət proqramı, qurbanlıq üçün vaxt, ondan ötəri məkan müəyyənləşdirdik.
Bildirişlər
1. Bütün səmavi dinlərdə qurbanlıq proqramı var.
2. Qurbanlıq zamanı Allahın adını dilə gətirmək lazımdır.
3. Allaha yalnız vəhy yolu ilə bəndəlik edilməlidir.
4. Məbudumuz yeganə Allahdır. Allah bizim həm dinimizi, həm də dünyamızı təmin edir.
5. Allahın adı o qədər dəyərlidir ki, heyvanın kəsimi zamanı bu adın dilə gətirilməsi əti halal edir.
6. Allahpərəst insanların qidasında da ilahi rəng olmalıdır.
7. Allahdan qeyrisinə təslim olmayın.
8. Bütün dinlərdə Allahın adının çəkilməsi qeyd olunur. Məlum olur ki, hamının məbudu bir Allahdır. Əgər başqa bir məbud olsaydı, uyğun mərasimlər fərqli şəkildə nəzərdə tutulardı.
9. İlahi müjdələr Allah qarşısında təvazökar və təslim olmuş kəslərə ünvanlanmışdır.