NUR TƏFSİRİ: Əl-Həcc surəsi / ayə 36
"Çağ dəvələri (qurbanlıq etməyi) sizin üçün ilahi ayin qərar verdik. Onlarda sizin üçün xeyir var. (Qurbanlıq zamanı) dəvələr ayaq üstə durmuşkən Allahın adını çəkin. Yanı üstə düşdükləri vaxt (canları çıxdıqda) onlardan yeyin, qane və istəməyə üzü olmayan fəqirə yedirin. Qurbanlıq heyvanları sizin üçün bu sayaq ram etdik. Bəlkə şükür edəsiniz.”
Nöqtələr
"Budnə” sözünün cəm forması olan "budn” sözü sağlam, çağ dəvə mənasını bildirir. "Səvaff” dedikdə, dizini saf saxlamış heyvan nəzərdə tutulur.
Yanı üstə düşmək canın çıxması mənasını bildirir. "Qane” dedikdə qane olan fəqir, "mutərr” dedikdə, ehtiyaclı olduğu halda bunu dilinə gətirməyən fəqir başa düşülür. Belələri kömək almaq məqsədi ilə sizin yaxınlığınızdan ötüşür.
İslamda harada yeməkdən danışılırsa, digər bir vəzifəyə də işarə olunur: "Yeyin, amma israf etməyin” ; "Yeyin və başqalarına yedirin” ; "Yeyin və saleh iş görün” ; "Yeyin və şükür edin”.
Bildirişlər
1. İlahi mərasimlərdə səxavətlə xərcləyin.
2. Cahil ərəb elə düşünürdü ki, qurbanlıq ətdən yemək olmaz.
3. Dini mərasimlərin keçirilməsində əsas nöqtə Allahın diqqətidir.
4. Dini hökmlər vəhy yolu ilə müəyyənləşməlidir.
5. İlahi mərasimlərdə insanların da mənafeyi təmin olunur. (Bütlər üçün nəzərdə tutulmuş qurbanlıqda isə israfa yol verilir.)
6. İslamın tərbiyə məktəbində qidalanmada da ilahi məqsəd öndə dayanır.
7. Dəvənin ən yaxşı qurbanlıq üsulu onun ayaq üstə kəsilməsidir.
8. Heyvanın canı çıxmamış onun ətindən istifadə etmək olmaz.
9. Qurbanlıq ət bölüşdürülməlidir.
10. Bütün ehtiyaclı insanlara yardım əli uzadın.
11. Qurbanlıq fəqirlərin yolu üstə yerinə yetirilməlidir.
12. Heyvanların ram olması, qurbanlıq ətdən qidalanma, həcc mərasimində qurbanlıq, ixlas və ilahi rəng hər biri üçün şükür ediləsi nemətlərdir.