NUR TƏFSİRİ: Əl-Həcc surəsi / ayə 71
"Kafirlər Allahdan qeyri elə bir şeyə pərəstiş edirlər ki, onun haqqında heç bir dəlil göndərilməmişdir. Kafirlərin onun haqqında heç bir məlumatı yoxdur. Sitəmkarlara heç bir yardımçı tapılmaz.”
Nöqtələr
Müşriklər elə düşünürdülər ki, Allah bəzi əşyalara, bütlərə tədbir tökmək gücü vermişdir, amma özü onların fövqündə dayanır. Onların nəzərincə, varlıq aləmini tanrılar idarə edirdi. Allahı isə tanrıların tanrısı kimi tanıyırdılar. Bu ayədə isə buyurulur ki, Allah sizin xəyali məbudlarınızın heç birinə qüdrət verməyib, varlıq aləmi yalnız Onun tərəfindən idarə olunur.
Ola bilsin ki, ayədə "sultan” (sultə, hakimiyyət) dedikdə elmi dəlillər nəzərdə tutulmuşdur. Yəni müşriklərin üz tutduğu məbudlar və bütlər haqqında Allah tərəfindən heç bir elmi və məntiqi dəlil, vəhy nazil olmamışdır.
Bildirişlər
1. İnsanı ya Allah göstərişi, ya ağıl və biliyi, ya da ilahi yardıma ümidi pərəstişə sövq edir.
2. Vəhyə əsaslanmayan, elmi dəlili olmayan pərəstiş zülümdür.