NUR TƏFSİRİ: Əl-Həcc surəsi / ayə 78
"Allah yolunda Ona layiq cihad edin! O sizi (ümmətlər arasından seçdi) və dində (İslamda) sizin üçün heç bir çətinlik qoymadı. Atanız İbrahimin ayini (sorağınca gedin). O sizi öncədən müsəlman adlandırdı. Bu peyğəmbər sizə, siz də xalqa şahid olasınız deyə! Namaz qılın, zəkat ödəyin, Allaha bağlanın. O sizin mövlanız və haminizdir. Necə də yaxşı himayə, necə də yaxşı kömək!”
Nöqtələr
Bildiyimiz kimi, şahidlik üçün elm və ədalətə ehtiyac var. İnsanlar adil və agah deyil ki, başqalarına şahid olsun. Demək, müsəlmanların şahidliyi dedikdə onlardan bəziləri nəzərdə tutulur. Bu müsəlmanlar xalqın əməl və rəftarlarından xəbərdardırlar, etibarlı və ədalətlidirlər. Rəvayətlərdə bildirildiyi kimi, bu zümrə Peyğəmbər Əhli-beyti və məsum imamlardan (ə) ibarətdir. Bizim əməl və rəftarlarımız onlara təqdim olunur.
Allah surənin başlanğıcında Qiyamətin böyük zəlzələsindən və şiddətli əzabdan danışır. Surənin sonunda isə cihad, namaz və zəkat mövzuları yad edilir. Qeyd olunur ki, Allah bütün bəndələrinin mövlası və himayəçisidir. Bu nöqtədən aydın olur ki, Qiyamətin böyük zəlzələsi və şiddətli əzabdan qurtuluş üçün Ona bəndə olmalı, Onun pənahına sığınmalıyıq.
Çətinliyin olmaması qeydi ilahi hökmlərin asanlığını göstərmir. Çünki həmin ayədə buyurulur: "Ona layiq olduğu kimi cihad edin.” Aydın məsələdir ki, cihad yetərincə çətin işdir. Dində çətinliyin olmaması çıxılmaz vəziyyətin olmamasına işarədir. Məsələn, cihad göstərişi xəstələrə, əlillərə, korlara, qocalara, qadınlara, uşaqlara və zəiflərə aid deyil. Bununla belə, bütün çətinliklərə baxmayaraq müdafiə zəruri vəzifədir.
Bildirişlər
1. İşin dəyəri məqsəddən, üsuldan və qədərdən asılıdır. Var qüvvə ilə aparılan cihad dəyərlidir.
2. İnsanların şəxsiyyətinə hörmətlə yanaşın, çətinlik yaratmayın.
3. Qanun tənzimləyərkən xalqın gücünü nəzərə alın.
4. İslam asan dindir, onun hökmlərində istisna var. Hökmün icrası üçün münasib zaman və məkan şərtdir.
5. İslam İbrahim ayinidir və onun yetərincə böyük keçmişi var.
6. Peyğəmbərlər ümmətlərin atalarıdır.
7. "Müsəlman” adı öncədən bizim üçün seçilmiş mübarək addır.
8. Həzrət Peyğəmbər (s) əməllərimizə şahiddir.
9. Namaz və zəkat Allaha təşəkkürdür.
10. Təkcə müsəlmanlıqla kifayətlənməyək. Namaz, zəkat, Allaha bağlılıq kimi iftixarın qədrini bilək.
11. Bəşəri hakimiyyətlərin qanuniliyi ilahi vilayətlə tamamlanmaqdan asılıdır.