"Ev" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Ev" üzrə 325 ayə tapıldı.
Allaha və axirət gününə iman gətirən qövmün, Allah və Onun Rəsulu ilə düşmənçilik edənlərlə – hətta öz ataları, övladları (oğulları), qardaşları və qohumları olsalar belə – dostluq etdiyini görməzsən. Onlar elə kəslərdirlər ki, Allah onların qəlbində imanı sabit etmişdir və Öz tərəfindən olan bir ruhla (məxsus bir nurla, yaxud Qur’an maarifi ilə, ya qeybi uğurlarla) onları qüvvətləndirmişdir. Onları (axirətdə) (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil edəcəkdir. Onlar orada əbədi qalarlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər, bil ki, şübhəsiz, Allahın firqəsi həmin nicat tapanlardır.
Kitab əhlindən olan kafirləri (Bəni-Nəzir yəhudilərini) ilk dəfə yurdlarından çıxaran və dəstə halında sürgün etdirib evlərindən (Cəzirətül-ərəbdən) qovduran Odur. Siz onların çıxacaqlarını güman etmirdiniz. Onlar da hasarlarının və qalalarının onları Allahdan (Allahın iradəsindən) saxlayacağını güman edirdilər. Amma Allah(ın iradəsi, əzabı) onlara güman etmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı. (Belə ki,) onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. Ey bəsirət sahibləri! İbrət alın.
Həm də (ənsardan) o kəslər üçündür ki, hicrət və iman evini (Mədinə mühitini) özü üçün yurd seçib onlara tərəf hicrət edənləri sevər, onlara (mühacirlərə) verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olduqları halda onları özlərindən üstün tutarlar. Nəfsin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapanlardır.
Şübhəsiz, əgər onlar (kafirlər öz yurdlarından) çıxarılsalar, bunlar (münafiqlər) onlarla birgə çıxmazlar və əgər onlarla döyüş baş versə, onlara kömək etməzlər və əgər (fərz olunsa ki,) kömək də edələr, onlara arxa çevirərək qaçarlar, sonra da (o iki dəstədən heç birinə) kömək olunmaz.
Onların hamısı (yəhudilər və münafiqlər) sizə qarşı yalnız hasarları olan şəhər və kəndlərdə, yaxud (qalaların, ya evlərin) divarlar(ının) arxasında döyüşərlər. Zor-gücləri öz aralarında şiddətlidir. (Lakin siz möminlərin müqabilində zəifdirlər). Onların əlbir olduqlarını sanırsan, halbuki qəlbləri dağınıqdır, bunun səbəbi onların düşüncəsiz bir qövm olmasıdır.
Əgər onlar sizə hakim olsalar, sizin (ən qəddar) düşmənlərinizə çevrilərlər və sizə pisliklə əllərini və dillərini uzadar və həmişə istərlər ki, siz kafir olasınız.
Əlbəttə, sizin üçün – Allaha və axirət gününə ümid bəsləyənlərə –onlar(ın rəftarın)da gözəl bir örnək vardır və kim üz çevirsə (özünə zərər vurmuşdur). Çünki Allah heç nəyə möhtac deyil. Onun sifətləri öyülmüş, həmd-səna edən və həmd-səna olunandır.
Allah din barəsində sizinlə döyüşməyən və sizi yurdunuzdan çıxartmayan (kafir) kəslərə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etmir. Çünki, Allah ədalətli olanları sevir.
Ey iman gətirənlər, möminə qadınlar (öz kafir ərlərindən ayrılaraq) sizin yanınıza mühacir kimi gəldikdə, onları (iman baxımından) imtahana çəkin. Allah Özü onların imanlarını daha yaxşı bilir. Beləliklə, əgər onların mömin olduqlarını bilsəniz, onları kafirlərə (kafir ərlərinə) tərəf qaytarmayın. Nə bunlar onlara halaldırlar və nə onlar bunlara halaldırlar. Və (ərlərinin mehriyyədən) onlara xərclədiklərini özlərinə qaytarın. Ücrətlərini (mehriyyələrini) ödədiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. (Kafirlərə qoşulan) kafir qadınlar(ınız)la olan əqdlərə və əhd-peymanlara əsaslanmayın (onlar batil olmuşdur) və (mehriyyədən) xərclədiklərinizi onlardan tələb edin və onlar da xərclədiklərini sizdən tələb etsinlər. Bu, sizin aranızda hökm edən Allahın hökmüdür. Allah biləndir və hikmətlidir.
(Əgər belə etsəniz,) Allah günahlarınızı bağışlar, sizi (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə, bağlara və əbədi (Ədn) Cənnətlərindəki pak və xoşagələn məskənlərə daxil edər. Budur böyük səadət.
Və sevdiyiniz başqa bir nemət(i də sizə verər və bu nemət) Allah tərəfindən (məntiq əsasında və dəlil-sübutla tarix boyunca bütün millətlərə) bir kömək və (Məkkənin fəthində və başqa işlərdə) yaxın bir qələbədir. (Ey Peyğəmbər,) möminlərə müjdə ver.
Onlara: «Gəlin Allah Rəsulu sizin üçün bağışlanmaq diləsin,» deyildikdə (inkar və təkəbbür üzündən) başlarını bulayarlar, onları təkəbbürlə üz çevirən və başqalarını da düz yoldan saxlayan görərsən.
O (əzab) buna görədir ki, daim peyğəmbərləri (tovhid və öz peyğəmbərlikləri barədə) onlara aydın dəlillər gətirirdilər, onlar(sa) deyirdilər: «Məgər (özümüzdən olan) bəşərmi bizi doğru yola yönəldəcək?!» Beləliklə, kafir oldular və üz çevirdilər. Allah (onları məhv edərək iman və itaətlərinə) ehtiyacı olmadığını izhar etdi. Allah (zatən heç bir şeyə) möhtac deyil və sifətləri həmd olunmuş, həmd-səna edən və sitayiş olunandır.
Elə bir gündə (dirildiləcəksiniz) ki, sizi toplanma günü üçün cəm edəcəklər. Məhz o gün bir-birini (qarşılıqlı) ziyana uğratma günüdür (dünyada hüquqları zay etdiklərinə görə, bir-birlərinin mükafatlarını alarlar və ya əzabı bir-birlərinin üstünə atarlar və yaxud Cənnət dərəcələrini Cəhənnəmin təbəqələri ilə dəyişərlər). Və kim Allaha iman gətirsə və yaxşı iş görsə, Allah onun günahının üstünü örtər və onu (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara əbədi olaraq daxil edər. Budur böyük səadət!
Allaha (şəriət işlərində) itaət edin və Onun Rəsuluna (vacibi əmrlərdə) itaət edin! Əgər üz çevirsəniz, Bizim Rəsulumuzun öhdəsinə düşən yalnız açıq – aşkar təbliğdir (insanları qəbul edib əməl etməyə məcbur etmək deyildir. Çünki bu, imamətin vəzifələrindəndir. Axirət əzabı vermək də onun vəzifəsi deyildir. Çünki bu, rübubiyyət məsələlərindəndir).
Ya Peyğəmbər, qadınlara təlaq vermək istədikdə, onlara «iddə» vaxtında təlaq verin (elə bir vaxtda ki, iddəyə başlamaq mümkün olsun, yəni heyzdən pak olduqları və ərləri ilə cinsi əlaqədə olmadıqları vaxt) və iddəni hesablayın və Rəbbiniz olan Allahdan qorxun; açıq-aşkar çirkin bir əməl etməyincə, (iddə zamanı) onları (yaşadıqları) evdən çıxarmayın və onlar da çıxmasınlar. Bunlar Allahın hüdudları və sərhədləridir. Kim Allahın hüdudlarından kənara çıxsa, həqiqətən, özünə zülm etmiş olar. Sən (ey kişi) nə bilirsən, (və o qadın nə bilir) ola bilsin ki, Allah ondan (o təlaqdan) sonra (iki tərəf arasında sülh baxımından) bir iş icad etsin.
(Təlaq verilmiş qadınlar) iddə müddətinin axırına yaxınlaşdıqda, ya onları (evliliyə qayıtmaqla) yaxşılıqla (evlilik vəzifələrinə əməl etməklə) saxlayın, yaxud (iddə qurtardıqdan sonra) xoşluqla ( mehriyyəni və vacib hüquqları ödəməklə) onlardan ayrılın. (Təlaq icra olunan zaman) özünüzdən (möminlərdən) olan iki adil kişini şahid tutun və (siz ey şahidlər,) şəhadəti Allaha görə verin (saxtakarlıq etməyin). Bununla (bu əmrlərlə) Allaha və axirət gününə iman gətirən şəxsə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar.
Elə bir Peyğəmbər (göndərmişdir) ki, iman gətirib yaxşı işlər görənləri (şirk, küfr və cəmiyyətdəki digər mənəvi pozğunluqların) zülmət(in)dən (hidayət və tovhid) nur(un)a tərəf çıxarmaq üçün Allahın aşkar və aydınlıq gətirən ayələrini sizə oxuyur. Və kim Allaha iman gətirsə və yaxşı işlər görsə, Allah onu (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil edər, orada əbədi qalarlar. Həqiqətən, Allah ruzini ona gözəl etmişdir!
Ey iman gətirənlər, Allaha – xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizin günahlarınızı örtsün və sizi (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil etsin. Elə bir gündə Allah, Peyğəmbəri və onunla birgə (Allaha) iman gətirənləri xar etməz. Onların nuru (dirilmək məkanı olan) qəbirdən (haqq-hesab mərkəzinə qədər) önlərində və sağ tərəflərində hərəkət etməkdədir. Deyərlər: «Ey Rəbbimiz, bizim nurumuzu tamam-kamal et və bizi bağışla. Sən hər şeyə qadirsən!»
325 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
17 Səhifə